Birjalarda dolların ucuzlaşması yenidən güclənə bilər

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi aprel ayının minimum və maksimum səviyyələri aralığında dalğalanmaqdadır. Gələcək istiqaməti proqnozlaşdırmaq üçün isə yuxarı və ya aşağı sərhədlərin qırılmasını gözləmək lazımdır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, dünya birjalarında dolların qiymətində də ucuzlaşma yenidən güclənə bilər. 

Beləliklə, hal-hazırda 1.23$-a ticarət edilən avro/dollar məzənnəsi üçün 1.24$-ın yuxarı istiqamətdə qırılması, növbəti artım dalğası fonunda güclü siqnal rolunu oynayacaqdır. Bundan sonra qiymət 1.26$-a kimi bahalaşa bilər. Bu baş vermədikdə, yəni qiymət 1.24$-ın altında qaldıqca, ucuzlaşma 1.22$-a kimi də davam edə bilər. 

Qeyd etmək lazımdır ki, avronun qiyməti aprel ayının 6-da bahalaşmağa başlamışdır. Lakin 1.22$-dan 1.24$-a kimi bahalaşan qiymət, 1.24$ səviyyəsində müqavimətlər rastlaşaraq, 1.23$-a kimi geriləyib. 

Türkiyə maliyyə bazarlarında Dollar/Lirə valyuta cütlüyünün qiyməti 4.11TL-ə ticarət edilir və qiymət 4.09TL-ə kimi ucuzlaşarsa, eniş dalğası 4.05 və 4.01TL-ə kimi də sürətlənə bilər.

Enerji bazarlarında isə Avropanın Brent neftinin qiyməti 72$ ətrafında dalğalanmaqdadır.  Bir barel üzrə qiymətin əlavə olaraq, 75$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.